Bakı. Mübariz Aslanov – APA. Korrupsiya Əleyhinə Parlamentarların Qlobal Təşkilatının (GOPAC) yeni Avropa üzrə bölməsi yaradıla və bu bölmənin təmsilçiliyini Azərbaycan həyata keçirə bilər. APA -nın məlumatına görə, bunu GOPAG-ın bu gün Bakıda keçirilən sessiyasında Azərbaycan Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib. O bildirib ki, Azərbaycan bir neçə ildir bu təşkilatla geniş əməkdaşlıq edir və təsisatı genişləndirmək lazımdır: “Müəyyən dəstək olsa Azərbaycan təşkilatın Avropa bölməsini təmsil edə bilər. Kifayət qədər potensialı var ki, Azərbaycan milli bölməsi gələcəkdə Avropanı təmsil eləsin”.
Ə. Hüseynli eyni zamanda bəyan edib ki, GOPAC-ın 6-cı konfransının Bakıda keçirilməsi ilə bağlı Azərbaycanın təşəbbüsünə müsbət cavab verilərsə, ölkə bu konfransı yüksək səviyyədə keçirməyə hazırdır.
Qeyd edək ki, GOPAC-ın əsas şöbəsi Ottavada (Kanada) yerləşir, onun Afrika üzrə, Cənub-Şərqi Asiya üzrə və Mərkəzi Amerika üzrə bölmələri mövcuddur.