Bakı. Ramil Məmmədli – APA. Azərbaycan Mətbuat Şurası və “Kaspi” qəzetinin təşkilatçılığı ilə görkəmli dövlət xadimi Əlimərdan bəy Topçubaşovun 150 illiyi ilə bağlı elmi-praktik konfrans keçirilib. APA-nın məlumatına görə, Mətbuat Şurasının sədri Əflatun Amaşov Ə. Topçubaşovu Azərbaycanın görkəmli siyasi xadimi, diplomat və hüquqşünas kimi xarakterizə edib. O, Topçubaşovun Qafqazda, ümumən Çar Rusiyasında müsəlmanlara məxsus medianın inkişafındakı rolundan danışıb: “Əlimərdan bəy Topçubaşovun “Kaspi” qəzetinin redaktoru kimi fəaliyyəti də danılmazdır. Bu illərdə onun yüzlərlə məqalələri dərc edilib. Həmin məqalələrdə Topçubaşov Azərbaycanın bir neçə şair, yazıçı, dramaturq, görkəmli ziyalıları və şəxsləri haqqında elmi əhəmiyyətli, nəzəri, eləcə də Rusiya imperiyasında yaşayan müsəlmanların vəziyyəti, çarizmin ayrı-seçkilik siyasətini pisləyən publisistik məqalələrlə çıxış edib. Əlimərdan bəy Topçubaşov jurnalistliyə başladığı dövrdən Bakının siyasi və ictimai mübarizə səhnəsinə daxil olmuş, ömrünün sonuna kimi bu mübarizənin ön sıralarında getmiş və onun başçılarından birinə çevrilmişdir”.
Filologiya elmləri namizədi Sona Vəliyeva Ə. Topçubaşovu məfkurə adamı, millətin taleyini düşünən və bu istiqamətdə mühüm addımlar atan dövlət adamı kimi xarakterizə edib. S. Vəliyeva Ə. Topçubaşovun Rusiya müsəlmanlarının liderlərindən olduğunu, Azərbaycan Xalq Cümhuriyyəti yaradılana qədər Qafqazda azərbaycanlılar arasında tanınmış şəxs olduğunu söyləyib. O, Ə. Topçubaşov irsinin araşdırılmasına ehtiyac olduğunu da vurğulayıb.
Tədbirdə Ə. Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasında, onun idarəçiliyində, xarici siyasətinin formalaşmasındakı rolu haqda da danışılıb. Konfransda Ə. Topçubaşovun Azərbaycan Xalq Cümhuriyyətinin ilk parlamentinin sədri, xarici işlər naziri kimi fəaliyyətinə diqqət yönəldilib.
Sonda “Kaspi” qəzetinin Əlimərdan bəy Topçubaşova həsr olunan xüsusi buraxılışı təqdim olunub.