Bakı. Turan Şakir – APA. Mayın 23-də Milli Azərbaycan Tarixi Muzeyində Azərbaycan siyasi və ictimai xadimi, diplomat Əlimərdan bəy Topçubaşovun anadan olmasının 150 illiyinə həsr olunmuş respublika elmi seminarı keçiriləcək. Muzeydən APA-ya verilən məlumata görə, seminarda Azərbaycan müstəqilliyi uğrunda mübarizə aparmış Ə.Topçubaşovun Rusiya imperiyası türk və müsəlman xalqlarının faktiki lideri olaraq gördüyü işlərdən, Rusiya Dövlət Dumasının deputatı kimi fəaliyyətindən, ilk Azərbaycan parlamentinin yaradılması sahəsində səylərindən və 1920-ci ildən sonrakı dövrdə mühacirətdə apardığı mübarizədən danışılacaq.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin banilərindən biri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin sədri Əlimərdan bəy Ələkbər bəy oğlu Topçubaşovun anadan olmasının 150 illiyinin dövlət səviyyəsində keçirilməsi üçün sərəncam imzalayıb.