Bakı. Kəmalə Quliyeva - APA. Azərbaycan prezidenti yanında Elmin İnkişafı Fondu və Yaponiyanın tanınmış “Tokyo Boeki Technology Ltd” şirkəti arasında qarşılıqlı anlaşma haqqında memorandum imzalanıb.
Fondun icraçı direksiyasından APA-ya verilən xəbərə görə, memorandumu Fondun icraçı direktoru Elçin Babayev və “Tokyo Boeki Technology Ltd” şirkətinin prezidenti Kazuei Uçida imzalayıblar.
Memorandum Azərbaycanla Yaponiya arasında elm və texnologiyaların transferi sahəsində əməkdaşlığın inkişafına töhfə vermək məqsədi daşıyır. Memoranduma əsasən, “Tokio Boeki Technology Ltd”şirkəti Fondun qrant layihələri üçün mürəkkəb elmi-analitik cihazların seçimi, tətbiqi və istifadəsi üzrə məsləhət işlərini həyata keçirmək, bu layihələrin zəruri elmi-analitik cihazları vasitəsilə təchizat səviyyəsini qaldırmaq, elmi iclasların, konfransların, simpoziumların, görüşlərin, elm festivallarının və sərgilərin təşkili ilə əlaqədar tərəflər arasında müştərək layihələr təklif etmək və onların reallaşdırılmasında iştirak etmək, Azərbaycanın elm sahəsində uğurlarının Yaponiyanın dövlət təşkilatları və özəl müəssisələri arasında təşviqini aparmaq kimi öhdəlikləri öz üzərinə götürür. Razılığa əsasən, tərəflər birgə layihələr yerinə yetirə və qrant müsabiqələri təşkil edə bilərlər.
Artıq bu şirkətin iki bahalı və ultra-modern elektron mikroskopu Elmin İnkişafı Fondu tərəfindən qrant layihələri çərçivəsində alınaraq AMEA Geologiya İnstitutunda (skanedici elektron mikroskop) və Azərbaycan Tibb Universitetində (transmissiya (nüfuzedici) elektron mikroskopu) quraşdırılıb və tədqiqatçıların istifadəsinə verilib. Həmçinin işçi heyət qrant hesabına təlimlər də keçib. Daha iki cihazın alınması haqqında Fond ilə şirkət arasında müvafiq müqavilələr imzalanıb və onların yaxın zamanda AMEA Fizika İnstitutuna (transmissiya (nüfuzedici) elektron mikroskopu) və Geologiya İnstitutuna (karbon ilə tozlandıran cihaz və aksesuarlar dəsti) gətiriləcəyi gözlənilir.
Elmin İnkişafı Fondu və “Tokyo Boeki Techology Ltd” şirkəti Azərbaycanda Elm Festivalının keçirilməsi, həmçinin elmi-analitik cihazların nümayiş sərgisinin təşkili barədə də ilkin razılığa gəliblər.