Bakı – APA-Economics. Şəffaflılığın artırılması və korrupsiyaya qarşı mübarizə ilə bağlı tapşırıqların icrası ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən təsdiq olunmuş İş Planı əsasında korrupsiya hallarına qarşı mübarizə tədbirləri gücləndirilib. Xidməti funksiyaların yerinə yetirilməsi zamanı işçilər tərəfindən korrupsiya hallarının qarşısının alınması sahəsində qanunvericiliyə uyğun sərt tədbirlər görülür.
Komitədən «APA-Economics»ə verilən məlumata görə, aparılan profilaktik və nəzarət tədbirləri çərçivəsində işçilərin vəzifə səlahiyyətlərindən sui-istifadə hallarına yol verilməməsi, vətəndaşların qanuni hüquqlarının təmin edilməsi ilə bağlı əməli tədbirlər öz nəticəsini verir.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən aparılmış tədbirlər nəticəsində Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Şamaxı Ərazi İdarəsinin texnik-inventarlaşdırıcısı Mirəvəz Teymurağa oğlu Dünyamalıyev öz xidməti vəzifəsini yerinə yetirərkən korrupsiya hüquqpozmasına yol verdiyi aşkar edilib və bununla bağlı qanunvericiliklə nəzərdə tutulmuş tədbirlər görülüb.