Bakı. Kəmalə Quliyeva – APA. Bakıda Müəllif Hüquqları Agentliyinin (MHA) və Avropa İttifaqının TVİNNİNQ layihəsi çərçivəsində ““Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunun icrasında hüquq-mühafizə orqanlarının rolu” mövzusunda beynəlxalq seminar keçirilib. APA-nın xəbərinə görə, tədbirdə müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinin nüsxələrinə yapışdırılan nəzarət markalarının tətbiqi, onların orijinallığının müəyyən edilməsi, nəzarət markaları yapışdırılmayan nüsxələrin satış yolu ilə yayılmasının qarşısının alınması məsələləri müzakirə edilib.
Tədbirdə çıxış edən MHA sədri Kamran İmanov bildirib ki, Azərbaycanda əqli mülkiyyətə dair 7 qanun olsa da, bu qanun əqli mülkiyyət hüquqlarının qorunması baxımından xüsusi əhəmiyyət kəsb edir. K. İmanov qeyd edib ki, piratçılıqla mübarizənin gücləndirilməsi üçün ötən il İnzibati Xətalar Məcəlləsinə dəyişiklər edilib. Dəyişiklərə əsasən, nəzarət markası yapışdırılmayan müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinin nüsxələrinin kommersiya məqsədi ilə satışı və ya yayılma məqsədi ilə saxlanılması, istehsal binasının hüdudlarından kənara çıxarılması, satılması və yayılması qadağandır. Nəzarət markası yapışdırılmayan belə nüsxələr aşkar edildikdə, fiziki şəxslərə 50, vəzifəli şəxslərə 100, hüquqi şəxslərə isə 150 manat cərimə tətbiq ediləcək.