Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova APA-ya açıqlamasında deyib ki, belə isti və mülayim hava şəraiti əvvəlki illərdə də müşahidə olunub. Onun sözlərinə görə, bu hava şəraiti iqlim normasına tam uyğundur: “Havanın temperaturu iqlim norması çərçivəsində tərəddüd edir. Mart ayı dəyişkən və küləkli hava şəraiti ilə səciyyəvidir. Arabir güclənən şimal küləyi öz yerini arabir güclənən cənub küləyi ilə əvəz edir. Mart ayında mülayim və küləkli hava şəraiti üstünlük təşkil edir”.
Son günlər Avropa ölkələrində, hətta Rusiyada müşahidə edilən soyuq və qarlı hava şəraitinin Azərbaycana nə dərəcədə təsir edəcəyinə gəlincə G. Məmmədova qeyd edib ki, yaxın günlərdə ölkə ərazisində müşahidə olunan hava şəraitində ciddi dəyişiklik gözlənilmir. Yaxın 2-3 gün ərzində ölkə ərazisində mülayim hava şəraiti davam edəcək.