“Aprelin 15-i gündüzdən aprelin 16-sı səhərədək Böyük Qafqaza - Balakən, Zaqatala rayonlarının ərazisinə düşən leysan yağışlarının nəticəsində ərazidən axan Mazımçay, Talaçay və Balakənçay çaylarında suyun səviyyəsində kəskin artım qeydə alınıb. Hətta qısamüddətli daşqın müşahidə olunub”.
Bunu APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin baş hidroloqu Asif Verdiyev deyib. O bildirib ki, yağışlar nəticəsində Qanıx çayında suyun səviyyəsi kəskin artıb: “Qanıx çayında gün ərzində 82 santimetr artım müşahidə edilib”.
Baş hidroloq qeyd edib ki, atmosfer yağıntıları nəticəsində Kiçik Qafqazın ərazisindən axan – Kürəkçay, Zəyəmçay və Gəncəçay çaylarında da suyun səviyyəsində 5-6 sm artım baş verib.