APA-nın məlumatına görə, tədbirdə çıxış edən Bakı Regional Mərkəzi rəisinin müavini Tale Şamçıyev bildirib ki, Azərbaycan Ombudsmanının təşəbbüsü ilə hər il avqustun 21-dən sentyabrın 21-dək Azərbaycanda Beynəlxalq Sülh Günü aylığı keçirilir.
T. Şamçıyev qeyd edib ki, Beynəlxalq Sülh Günü BMT-nin elan etdiyi yeganə rəsmi bayramdır. Bu gün dünyanın bütün nöqtələrində gedən müharibələrdə atəşkəs elan olunur. Ənənəyə görə hər il BMT-nin baş katibi Baş Assambleyanın baş ofisində sentyabrın 21-də «Sülh zəngi»ni vurur.
Tədbirdə çıxış edən Ombudsman Aparatının Hüquqi maarifləndirmə sektorunun müdiri Rəşid Rumzadə “Prezident İlham Əliyev və Azərbaycanın sülh siyasəti” mövzusunda çıxış edib. O, Ombudsman Aparatının FHN ilə sıx əməkdaşlığı çərçivəsində bu tədbirin təşkilinin böyük əhəmiyyət daşıdığını vurğulayıb.
FHN Bakı Regional Mərkəzinin hüquq sektorunun müdiri Namiq Tumasov insan hüquq və azadlıqlarının müdafiəsi sahəsində həyata keçirilən dövlət siyasətindən danışıb.
Müzakirələrdən sonra Azərbaycanın mədəniyyət və incəsənət xadimlərinin sülh mövzusuna həsr olunmuş əsərlərindən ibarət bədii blokun təqdimatı olub.