Bakı. Kəmalə Quliyeva – APA. Gələn həftə Azərbaycanda zəlzələləri əvvəlcədən proqnozlaşdıran sayca altıncı stansiya quraşdırılacaq. Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Kibernetika İnstitutunun direktoru Telman Əliyev APA-ya açıqlamasında bildirib ki, stansiyanın Naxçıvan Muxtar Respublikasının ərazisində quraşdırılması nəzərdə tutulur. Bu stansiya Türkiyə və İranda baş verən seysmik prosesləri əvvəlcədən daha dəqiq proqnozlaşdırmağa yardım edəcək.
T. Əliyev deyib ki, Türkmənistan və Türkiyə də zəlzələləri əvvəlcədən proqnozlaşdıran stansiyalar quraşdıracaqlar. İlkin olaraq Türkmənistanda 2, Türkiyədə isə 1 belə stansiya quraşdırılacaq. Bununla da zəlzələləri qabaqcadan proqnozlaşdırmaq üzrə regional sistem yaradılacaq.
Qeyd edək ki, Azərbaycanda zəlzələləri qabaqcadan proqnozlaşdıran ilk stansiya 2010-cu ilin mayında Qum adasında quraşdırılıb. Hazırda ölkədə bu tipli 5 stansiya var. Onlar
Bakının Qum adasında, Siyəzən, Naftalan, Neftçala və Şirvanda fəaliyyət göstərir.