Bank Of Baku

Göyçaya səfər edən Yaponiya səfiri yeni qrant müqaviləsini imzalayıb

Göyçaya səfər edən Yaponiya səfiri yeni qrant müqaviləsini imzalayıb
# 12 fevral 2013 16:26 (UTC +04:00)

 

Göyçay. Elvin Yaqubov - APA. Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində “Göyçay şəhərində məktəblərin gigiyenik şəraitinin yaxşılaşdırılması” layihəsi üzrə qrant müqaviləsinin imzalanma mərasimi keçirilib. APA-nın xəbərinə görə, Göyçay rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Yaponiya səfiri Şusuke Vatanabe, UNICEF-in Azərbaycan nümayəndəliyinin rəhbəri Mark Hervard, rayon İH-nin, idarə və təşkilatların rəhbər şəxsləri iştirak edib.

 

Məlumat verilib ki, rayonun məktəblərində sanitar-gigiyenik şəraitin yaxşılaşdırılmasına yönəlik fəaliyyətlərin həyata keçirilməsinə çox böyük ehtiyac var. İlk olaraq Göyçay şəhərindəki 6 saylı orta məktəbdə və internat məktəbində müasir sanitar-gigiyenik standartlara cavab verən sanitar qovşaqların və hamamların tikilməsi, onların davamlı olaraq isti və soyuq su ilə təmin olunması, uşaqların bu sahədə maarifləndirilməsi üçün görüşlərin keçirilməsi, məlumat kitabçalarının paylanılması, fiziki qüsurlu şagirdlər üçün zəruri şəraitin yaradılması nəzərdə tutulur. Ümumi dəyəri 123 min 342 dollar olan bu pilot layihənin uğurundan asılı olaraq gələcəkdə Azərbaycanın digər rayonlarında da bu cür işlərin həyata keçirilməsi planlaşdırılır.

 

Tədbirdə bildirilib ki, Yaponiya hökumətinin “Ot kökləri və insan təhlükəsizliyi qrant yardımı proqramı” çərçivəsində Göyçay rayonunda 5 layihə həyata keçirilib və bunun üçün 444 min 203 dollar vəsait ayrılıb. Proqram çərçivəsində indiyə qədər Azərbaycanda 164 layihə həyata keçirilib və ümumilikdə 13 milyon 12 min 807 dollar vəsait xərclənib.

 

Qrant müqaviləsini Yaponiya səfiri Şusuke Vatanabe və layihənin icraçısı olan “Yerli İdarəetməyə Yardım” İctimai Birliyinin sədri Vüsal Mirzəyev imzalayıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR