Göyçay. Elvin Yaqubov-APA. Göyçay şəhər 1 saylı uşaq bağçası üçün müasir tələblər səviyyəsində inşa olunan bina istifadəyə verilib. APA-nın məlumatına görə, 40 yerlik yeni uşaq bağçasının açılışında bildirilib ki, uşaq bağçasının hazırlıq qruplarında, yataq otaqlarında, mətbəxdə, musiqi və idman zalında, tibb otağında nümunəvi şərait yaradılıb. 40 uşağın təlim-tərbiyə aldığı körpələr evi zəruri avadanlıqla da təmin olunub. Dövlət vəsaiti hesabına inşa edilən körpələr evi məktəbəqədər hazırlıq və orta yaş qruplarından, müsiqi və gimnastika zalından, məşğələ, metodist və yataq otaqlarından, camaşırxana, yeməkxana və digər xidməti otaqlardan ibarətdir. On nəfər tərbiyyəçi müəllim və texniki işçinin çalışdığı körpələr evi istilik sistemi, müstəqil transformator yarımstansiyası, ehtiyat su anbarı ilə təmin olunub. Həyətdə isə uşaq əyləncə qurğuları quraşdırılıb, yaşıllıq salınıb, asfalt örtüyü döşənib.
Qeyd edək ki, ötən il 70 yerlik Göyçay şəhər 12 nömrəli uşaq bağçası əsaslı təmirdən sonra istifadəyə verilmişdi.