Bakı. Könül Kamilqızı – APA. “Azərbaycanda ailə məsələləri ilə bağlı mövcud problemlərin həlli üçün hüquqi baza formalaşdırılmalı və təkmilləşdirilməlidir”. APA-nın xəbərinə görə, bunu Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli “Sağlam ailə sağlam gələcəyin təminatıdır” adlı konfransda çıxışında deyib. O bildirib ki, ailə ilə bağlı qanunların hər biri həm Milli Məclisdə, həm də cəmiyyətdə böyük müzakirələrə səbəb olur. H. Rəcəblinin sözlərinə görə, Ailə Məcəlləsində son illər bir neçə dəfə dəyişiklik edilib. O qeyd edib ki, “Reproduktiv sağlamlıq və ailə planlaşdırılması haqqında” qanun layihəsi müzakirə olunsa da, bir sıra maddələrdə yaranan problemlərlə bağlı müzakirələr yenidən təxirə salınıb: “Hazırda ölkədə olan 90 min cütlüyün 5 minə qədərinin ikisindən birinin 18 yaşı var. Onların ailə qurarkən tibbi arayışın verilməsi və tərəflər arasında müqavilənin bağlanması ilə bağlı ciddi problemlər var. Bu məsələlər həll edilməlidir. Bunun üçünsə tibbi arayışın və mülkiyyət müqaviləsinin bağlanması ilə bağlı qanunvericilikdə müvafiq işlər görülməlidir”.