Bakı - APA. Dekabrın 27-dən 29-dək Heydər Əliyev Fondunun təşkilatçılığı ilə “Buta” sarayında uşaq evlərində və internat məktəblərində təlim-tərbiyə alan, yetim və valideyn himayəsindən məhrum, o cümlədən Daun Sindromlu Şəxslərin Assosiasiyası, xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiya mərkəzi, A.S.Makarenko adına humanitar fənlər təmayüllü ümumtəhsil internat məktəbi, Psixonevroloji Uşaq Evi, kor və zəif görənlər üçün respublika orta internat məktəbindəki və təhsildə xüsusilə fərqlənən uşaqlar üçün Yeni il şənlikləri keçirilir.
APA-nın məlumatına görə, dekabrın 28-də Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva bayram şənliyində iştirak ediblər.
Hər il olduğu kimi, bu il də şənlik iştirakçılarına yeni tərtibatda hazırlanmış “Qış nağılı” proqramı təqdim olunub, həmçinin müxtəlif uşaq qrupları və tanınmış ifaçılar çıxış edib.
Azərbaycanın birinci xanımı bayram münasibətilə uşaqlara təbriklərini çatdırıb.
M. Əliyeva onlarla xatirə şəkli çəkdirib.
Üç gün davam edəcək tədbirdə üç minə yaxın uşağın iştirakı gözlənilir.