Dekabrın 4-də Azərbaycan Dillər Universitetinin rektoru, millət vəkili, professor Səməd Seyidov Hindistanın Azərbaycandakı səfiri Vinod Kumarı qəbul edib. ADU-dan APA-ya verilən məlumata görə, S. Seyidov nəinki dil və mədəniyyət sahəsində, eyni zamanda digər sahələrdə də əməkdaşlığın bir çox əlaqələrin inkişafına şərait yaradacağını bildirib. O, ADU-da Hindi dili Mərkəzinin fəaliyyəti və universitetlə səfirlik arasındakı əlaqələrdən söz açaraq Hindistan universitetləri ilə əməkdaşlıqda maraqlı olduqlarını söyləyib.
V. Kumar da ölkələr arasında təhsil sahəsində əlaqələrin inkişaf etdirilməsi istiqamətində ADU ilə əməkdaşlığın geniş potensialının olduğunu vurğulayıb. O, səfirlik olaraq ADU ilə əməkdaşlıqdan və universitetdə hindi dilinin tədris olunmasından məmnun olduğunu dilə gətirib.
Görüşdə gələcək əməkdaşlıq perspektivləri, yeni layihələrin həyata keçirilməsi, əlaqələrin genişləndirilməsi, tələbə-müəllim mübadiləsi ətrafında fikir mübadiləsi aparılıb.