Bakı. Şəhriyar Əlizadə - APA. “Prezident İlham Əliyevin imzaladığı sonuncu əfv sərəncamı 153 nəfərə şamil edilib”.
APA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətin rəis müavini Hüseyn Əlixanov deyib.
H. Əlixanov 1995-ci ildən indiyədək 55 əfv sərəncamının imzalandığını, bu əfvlərin ümumilikdə 5683 nəfərə şamil edildiyini bildirib: “100 minə yaxın məhkum isə amnistiya aktları əsasında azad olunub. Bu yaxınlarda 3000 məhkum amnistiya aktı ilə azad edilib. 7 minə yaxın şəxs isə digər cəza növlərdin azad olunub, yaxud cəzaları azaldılıb. Azərbaycanda əfv aktının tətbiqi obyektiv həyata keçirilir. Həmin məhkumlar həqiqətən islah olunmuş şəxslərdir” .
H. Əlixanov Penitensiar Xidmətin tabeliyində olan müəssisələrə qadağan olunmuş əşyaların keçirilməsinin qarşısının alındığını da bildirib: “Elə əşyalar var ki, onları müəssisələr keçirmək cinayət məsuliyyəti yaradır. Lakin bəzi şəxslər həmin əşyaları gizli yolla müəssisəyə keçirməyə cəhd edirlər. Lakin bu cür halların qarşısı əməliyyat aparatları tərəfindən alınır” .
Ombudsman Elmira Süleymanova isə açıqlamasında əfv sərəncamının cəmiyyətdə sevinclə qarşılandığını bildirib: “Bu hadisə çox gözəl ərəfəyə təsadüf edir. Azərbaycanda mütəmadi olaraq əfv sərəncamları imzalanır. Sonuncu əfv sərəncamı daha çox insana şamil edilib. Bu da çox gözəl, humanist bir addımdır. Davamlı olaraq amnistiya aktları da qəbul edilir, islah olunmuş məhkumlar öz azadlıqlarına qovuşurlar”.