Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycanda ibtidai sinif dərsliklərinin monitorinqinin nəticələri gələn ay açıqlanacaq. Bunu APA-ya Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva bildirib. Onun sözlərinə görə, hazırda şöbə tərəfindən I siniflər üzrə “Riyaziyyat” və “Azərbaycan dili” (rus bölməsində “Rus dili”) dərsliklərinin seminarlarda müzakirəsi başa çatıb.
A. Batıyeva deyib ki, yaxın 10 gün ərzində I sinif dərslikləri üzrə aparılan monitorinqin nəticələri bəlli olacaq: “Hazırda seminarlarda III siniflər üzrə “Azərbaycan dili” dərsliyinin müzakirəsi də başa çatmaq üzrədir, IV siniflər üzrə “Azərbaycan dili” və III siniflər üzrə “Riyaziyyat” dərsliyinin müzakirəsinə başlanacaq. Biz çalışırıq ki, yanvar ayında ibtidai siniflər üzrə dərsliklərin müzakirəsini başa çatdıraq. Sonra ümumiləşmiş materialı müəlliflərin iştirakı ilə yenidən təhlil edəcəyik. Monitorinqin nəticələri haqqında yekun rəy yanvarın sonuna qədər ictimaiyyətə açıqlanacaq”.