Bakı-APA. IDEA (International Dialogue for Environmental Action) kampaniyası noyabrın 17-də Bakı şəhəri ətrafında-Zığ qəsəbəsində ağac əkmə aksiyası həyata keçirib.
İDEA-nln ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Ayşən Quliyevanın APA-ya verdiyi məlumata görə, aksiyanın keçirilməsində əsas məqsəd ağac əkməklə ekoloji mühitin sağlamlaşdırılmasını sürətləndirmək, gənclər arasında ekoloji mədəniyyətin, təbiətə qayğı hissinin formalaşdırılması və inkişafına töhfə vermək, onları bu işə sövq etməklə asudə vaxtlarının səmərəli təşkilini təmin etmək, insanlar arasında ekoloji maarifləndirmə işini həyata keçirərək təbiətə qayğıkeş münasibəti aşılamaqdır.
Zığ qəsəbəsində keçirilən aksiyada 150-dən çox könüllü gənc iştirak edib. Gənclərin bu işdə böyük maraqla iştirak etməsi nəticəsində ərazidə 2500-dən çox iynəyarpaqlı ağac əkilib.
Ağacların əkilməsi üçün müəyyən olunmuş bu ərazi əvvəllər əkinə yararsız və məişət tullantıları ilə çirklənmiş torpaq örtüyünə malik olub. Lakin ərazinin tullantılardan təmizlənməsi və müxtəlif aqrotexniki xidmətlərin göstərilməsi ilə əkinə yararlı hala gətirilməsi öz növbəsində ağacəkmə aksiyasının mahiyyətini daha da artıran amil kimi çıxış edir.
Gənclər aksiyada “Daha yaşıl bir Azərbaycan üçün bizə kömək et” şüarı altında birgə ağac əkməklə təbiətə olan qayğılarını nümayiş etdirmiş və bu işdə digər gəncələrə, o cümlədən, azyaşlılara örnək olmağa çalışıblar.
IDEA (International Dialogur for Environmental Action) kampaniyası bu cür ekoloji aksiyaların mütamadi olaraq təşkili ilə ətraf mühitin mühafizəsinin vacibliyini insanların, xüsusilə, gənc nəslin nəzərinə çatdırır və onları ekoloji problemlərə qarşı mübarizədə birgə fəaliyyətə çağırırlar.
IDEA (International Dialogue for Environmental Action) kampaniyası 12 iyul 2011-ci ildə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tərəfindən başladılıb.