Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və onun tabeliyində “ASAN xidmət” mərkəzləri 2013-cü ildən fəaliyyətə başlayacaq. APA-nın xəbərinə görə, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov deyib. O bildirib ki, dövlət agentliyinin və onun tabeliyində “ASAN xidmət” mərkəzlərinin yaradılması prezident İlham Əliyevin 2012-ci il iyulun 13-də imzaladığı fərmanla əsas vəzifə kimi qarşıya qoyulub. Sentyabrın 5-də digər bir fərmanla agentliyin Əsasnaməsi və strukturu təsdiq olunub. İ. Kərimov qeyd edib ki, həmin zamandan başlayaraq agentliyin və “ASAN xidmət”in operativ sürətdə qurulmasına başlanılıb: “Bu qurumun yaradılmasında məqsəd vətəndaşlara birbaşa xidmət göstərəcək “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsidir. Buraya xidmət mərkəzlərinə qoşulan dövlət orqanlarının əməkdaşlarının fəaliyyətinin əlaqələndirilməsi, şəffaflığın artırılması, dövlət orqanlarının fəaliyyətində operativliyin artırılmasına nəzarət və qiymətləndirmənin aparılması, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası, elektron xidmətlərin təşkili prosesinin sürətləndirilməsi, bu sahədə idarəetmə sisteminin təkmilləşdirilməsi daxildir. “ASAN xidmət” mərkəzlərinin vahid şəkildə idarə edilməsi, dövlət orqanlarının informasiya bazalarının qarşılıqlı inteqrasiyası və elektron xidmətlərin təşkili prosesinin təkmilləşdirilməsi istiqamətlərində fəaliyyət göstərəcək”.
“ASAN xidmət” mərkəzinin əsas prinsipləri - operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət, etik davranış qaydalarına nəzarət və rahatlıqdır. Onun sözlərinə görə, mərkəzdə vətəndaşların qəbulu elektron növbə əsasında həyata keçiriləcək: “Bunun üçün isə ən müasir avadanlıq quraşdırılıb. Elektron lövhələr və işarələr vətəndaşların məlumat əldə etməsini asanlaşdıracaq. Mərkəz daim internetə açıq olan kompüterlərlə təchiz edilib və vətəndaşların burada bütün növ elektron xidmətlərdən yararlanması üçün şərait yaradılıb. Vətəndaşlar elektron qaydada müraciət edərək növbə əldə edə biləcəklər. Sonra gözləmə zalında öz növbələrini gözləyəcəklər. Burada ödəmələr birbaşa ödənilməyəcək. Bütün ödəmələr gözləmə zalında olan banklara ödəniləcək və ödəmələr elektron formada həyata keçiriləcək. “ASAN xidmət” mərkəzində 9 dövlət orqanı - Ədliyyə, Daxili İşlər, Vergilər nazirlikləri, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Dövlət Miqrasiya Xidməti, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Sosial Müdafiə Fondu və Milli Arxiv İdarəsi tərəfindən 23 hüquqi xidmət həyata keçiriləcək. “ASAN xidmət” mərkəzində vətəndaşların gözləməsi və vaxtını səmərəli keçirməsi üçün funksional yardımçı xidmətlər yaradılıb. Belə ki, burada uşaq əyləncə guşəsi, tibb xidməti, internet-kafe, bank, poçt şöbələri, fotostudiya fəaliyyət göstərir. Xidmət üçün nəzərdə tutulmuş rüsumların ödənilməsi məqsədilə “pay-point”, bankomat aparatları qoyulub. Vətəndaşlar şənbə və bazar günləri də daxil olmaqla hər gün saat 10:00-dan 20:00-dək fəaliyyət göstərəcək”.