Lerik. Ağəddin Babayev - APA. İqtisadi inkişaf naziri Şahin Mustafayev bu gün Lerik şəhərində Masallı, Lənkəran, Astara, Yardımlı, Cəlilabad və Lerik rayonlarından olan vətəndaşları qəbulunu keçirib.
APA-nın cənub bürosunun məlumatına görə, qəbul zamanı vətəndaşlar sahibkarlıq fəaliyyəti, güzəştli kreditlərin verilməsi, işə qəbul, sosial və s. məsələlərlə bağlı nazirə müraciət ediblər.
Vətəndaşların müraciətləri, şikayət və təklifləri diqqətlə dinlənilərək, qaldırılan məsələlər İqtisadi İnkişaf Nazirliyinin aidiyyəti struktur bölmələrinin rəhbərlərinin iştirakı ilə operativ şəkildə araşdırılıb və bir sıra məsələlər yerindəcə həllini tapıb. Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün nazirliyin müvafiq strukturlarının rəhbərlərinə konkret tapşırıqlar verilib.
Qəbul zamanı həmçinin bir sıra sahibkarların təklifləri dinlənilib, müxtəlif layihələrlə bağlı müzakirələr aparılıb və həmin layihələrin güzəştli qaydada maliyyələşdirilməsi üçün müvafiq göstərişlər verilib. Vətəndaşların İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətləri isə aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb və baxılması üçün nəzarətə götürülüb.
Qəbul vaxtı birbaşa müraciət edən vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən dinlənilib, müraciətlərin operativ həlli üçün qanunvericiliyə müvafiq tədbirlər görülüb.