Mingəçevir. Elvin Yaqubov - APA. Bu gün Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev aprelin 6-da Mingəçevir şəhərində vətəndaşları qəbul edib.
APA-nın məlumatına görə nazir Mingəçevir şəhərindən, Yevlax, Bərdə, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Zərdab, Beyləqan, Laçın rayonlarından olan sakinlərin müraciətlərini dinləyib.
Qəbula gələnlər əsasən güzəştli kreditlərin verilməsi, sahibkarlıq fəaliyyəti, istehlakçıların hüquqlarının müdafiəsi, işə qəbul, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələlərlə bağlı istəklərini bildiriblər. Görüş zamanı nazir vətəndaşların narazılığına səbəb olan halların aradan qaldırılması, hər bir vətəndaşın müraciətinin diqqətlə araşdırılması və qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli barədə müvafiq strukturlara tapşırıqlar verib.
Bir sıra vətəndaşların müraciətləri yerindəcə həll edilib. Digər məsələlərin də obyektiv şəkildə araşdırılacağı və konkret tədbirlər görüləcəyi bildirilib. İqtisadi İnkişaf Nazirliyinin səlahiyyətlərinə aid olmayan müraciətlər isə müvafiq qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.