Bank Of Baku

İsa Həbibbəyli: “İranın Naxçıvana münasibəti Ermənistanın münasibəti ilə eyniləşməməlidir”

İsa Həbibbəyli: “İranın Naxçıvana münasibəti Ermənistanın münasibəti ilə eyniləşməməlidir”
# 13 noyabr 2013 11:15 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. “Çoxillik Naxçıvan-İran münasibətlərinin normal şəkildə inkişaf etdiyi bir dövrdə son günlər sərhəddə baş verən hadisələr anlaşılmazdır”. Naxçıvandan olan deputat, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) vitse-prezidenti İsa Həbibbəyli APA-ya açıqlamasında deyib ki, Naxçıvan MR iki region arasında sərt, radikal, inadkar münasibətlərin tərəfdarı deyil.

 

Onun fikrincə, Naxçıvan MR-ə aid olan Şahtaxtı və Culfa gömrük məntəqələri qarşı tərəf üçün tam açıqdır: "Naxçıvan gömrük məntəqələrindən İran və Türkiyənin maşınları asanlıqla getmək və geri dönmək imkanlarına malikdir. İran tərəfi isə artıq 6-cı gündür ki, özünün gömrük qapılarını bağlı saxlamaqda davam edir. Biləsuvar-Culfa yolu Naxçıvan üçün hələ də qapalı olaraq qalır. Son günlər sərnişinlərin hərəkəti üçün müəyyən şərait yaransa da, Bakıdan Naxçıvana göndərilən ərzaq və yük maşınları bir həftəyə yaxındır ki, İran tərəfdən Naxçıvana keçə bilmir. Bu, Naxçıvanın inkişafına, əhalinin tələbatlarının ödənilməsinə yaxşı təsir göstərmir. Hesab edirəm ki, İranın Naxçıvana münasibəti heç də Ermənistanın münasibətləri ilə eyniləşməməlidir. Müsəlmanlar üçün xüsusi həmrəylik hesab edilən günlərdə Naxçıvanda yaşayan din qardaşlarını bu qədər çətin vəziyyətdə saxlamaq məntiqə sığmayan hadisədir”.

 

İ.Həbibbəyli hesab edir ki, mövcud gərginlik İranın qonşuluq siyasətinə uyğun gəlmir. Onun sözlərinə görə, İranla münasibətlərin gərginləşməsində maraqlı olan bəzi qruplar və şəxslər qəsdən məsələni bu qədər uzadırlar ki, çoxillik dostluq və qardaşlığa xələl gəlsin. Buna baxmayaraq, Naxçıvanın öz etibarını qoruyub saxlamaqda, yaşanan gərginliyin ötüb keçməsində dözümlülük göstərdiyini deyən AMEA-nın vitse-prezidenti qeyd edib ki, İran tərəfindən gömrük qapılarının bu qədər bağlı saxlanması nəqliyyat, tranzit daşımaları baxımından da beynəlxalq hüquq qaydaları ilə uyğun gəlmir: “Proseslərin uzadılması və vəziyyətin gərginləşdirilməsi ölkələrimiz, regionlarımız arasında formalaşmış sabit əməkdaşlıq münasibətlərinə xələl gətirə bilər. Dostluqda, əməkdaşlıqda, qonşuluqda qarışıqlıq yox, müdriklik qalib gəlir. Müdriklik qalib gələndə isə inkişaf olur. Qonşuluq münasibətlərində İranla Naxçıvan arasında ortaq tarazlıq qorunub saxlanılıb. Bu məsələdə İran tərəfindən bu məsələyə məsul olan rəsmiləri əməkdaşlığa çağırıram. İtirilən vaxt heç kim üçün xeyir gətirmir. Hazırda əməkdaşlıq körpülərinin bərpa edilməsi və daha da möhkəmləndirilməsinə ehtiyac var”.

 

İki ölkə arasındakı münasibətlərdən danışan İ.Həbibbəyli qeyd edib ki, Azərbaycanın regionda ən böyük sərhəd qonşusu olan İranla tarixən sabit qonşuluq ənənəsi formalaşıb, Azərbaycan hər zaman İranı etibarlı qonşu, dost bir ölkə kimi görüb: “Bütün bunlar gələcəkdə iki ölkə arasındakı münasibətlərdə irəliyə doğru nikbin şəkildə baxmağa imkan verir. İllərdən bəri ağır blokada şəraitində yaşamağa məcbur edilən Naxçıvan da ən çətin məqamlarda İran tərəfindən hər zaman dəstək görüb”.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR