Bakı. Könül Kamilqızı – APA. “Dünya İqtisadi Forumunun 2013-2014-cü illər üçün “Qlobal Rəqabətlilik Hesabatı”nda rəqabət qabiliyyətlilik indeksinə əsasən Azərbaycan dünyada 39-cu, MDB məkanında isə 1-ci yerə nail olub. 2013-2014-cü ilin Hesabatına əsasən, bilavasitə əqli mülkiyyətin qorunması ilə bağlı Azərbaycan MDB məkanında şərhsiz lider mövqeyindədir. Belə ki, ölkəmiz 69-cu yeri tutaraq, Qazaxıstanı 4 pillə, Rusiyanı 44 pillə və Ukraynanı 64 pillə üstələyir”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, Azərbaycan bu göstərici üzrə Şərqi Avropanın əksər dövlətlərindən, o cümlədən Polşa (72 yer), Çernoqoriya (76), Xorvatiya (81), Bolqarıstan (104), Rumıniya (110), Albaniya (114), Serbiya (115), Bosniya və Hersoqovinadan (135) irəlidədir. K.İmanovun sözlərinə görə, hətta 3,7-ə bərabər olan bu göstəricinin qiymətinə əsasən inkişaf etmiş ölkələr sayılan İtaliya və Yunanıstandan geri qalmır və güclü inkişafda olan Hindistanı və Braziliyanı üstələyir.
Agentlik sədri qeyd edib ki, ümumiyyətlə, son illərin hesabatlarına əsasən, Azərbaycan əqli mülkiyyət sahəsində Cənubi Qafqazda ən qabaqcıl dövlət kimi təqdim olunur: Digər komponentlərlə yanaşı əqli mülkiyyətin qorunmasını dolayısı yolla əks etdirən innovasiyalar göstəricisinə əsasən Azərbaycan 51-ci yeri tutaraq, MDB dövlətləri arasında da birincidir. Bu göstəricilər heç də təsadüfi deyil. Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə təsdiq edilmiş “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında əqli mülkiyyət prioritet istiqamətlərdən biri kimi müəyyən edilib”.