Bakı. Kəmalə Quliyeva – APA. “Müəlliflik hüququ obyektlərinə nəzarət markalarının yapışdırılması ölkədə piratçılığın səviyyəsini 20-30 fazi aşağı salacaq”. Bunu APA-ya açıqlamasında Müəllif Hüquqları Agentliyinin sədri Kamran İmanov deyib. O bildirib ki, “Əqli mülkiyyət hüquqlarının təminatı və piratçılığa qarşı mübarizə haqqında” qanunda müəlliflik hüququ və əlaqəli hüquq obyektlərinin nüsxələrinə nəzarət markalarının yapışdırılması nəzərdə tutulur: “Nəzarət markalarının yapışdırılması kifayət qədər mürəkkəb prosesdir. Bunun üçün hüquq-mühafizə orqanları, məhkəmə qurumları, istehsalçılarla mərhələ-mərhələ hazırlıq işlər aparmaq lazımdır. Nəzarət markalarının tam tətbiqindən əvvəl keçid tranzit markaları tətbiq olunacaq. Hazırda bununla əlaqədar normativ hüquqi akt üzərində işlənilir”.
K. İmanovun sözlərinə görə, hazırda ölkədə piratçılığın səviyyəsi kitab bazarında 35 faiz, audio-video məhsul bazarında 65-70 faiz, kompüter proqramları sektorunda isə 86 faiz təşkil edir.