Bakı. Könül Kamilqızı - APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti respublikanın çaylarında və transsərhəd çaylarda mövcud vəziyyəti açıqlayıb.
Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 100-190, Kiçik Qafqazın çaylarında 55-115, Lənkəran-Astara bölgəsi çaylarında 15-125, Naxçıvan MR çaylarında isə 50%-ni təşkil edir.
Son üç gün ərzində Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 2 sm artım qeydə alınıb. Hazırda məntəqədə su sərfi 160 m3/s, ongünlük normanın 102%-ni təşkil edir. Son üç gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 2 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 69 m3/s olmaqla, ongünlük normanın 90%-ni təşkil edir.
Dekabrın 3-də Kür çayının aşağı axınında suyun səviyyəsində azalma müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində 6 sm, Şirvanda 8 sm, Bankədə 1 sm, Araz çayının Novruzlu məntəqəsində 5 sm azalma qeydə alınıb, Salyanda isə suyun səviyyəsində dəyişiklik müşahidə olunmayıb.