Bakı. Kəmalə Quliyeva – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Ətraf Mühit üzrə Milli Monitorinq Departamenti Kür və Araz transsərhəd çaylarının, həmçinin onların transsərhəd qollarının çirklənmə vəziyyətini öyrənmək məqsədilə keçirdiyi növbəti monitorinqin nəticələrini açıqlayıb. ETSN-nın mətbuat xidmətidən APA-ya verilən xəbərə görə, noyabr ayının III ongünlüyündə Kür çayında suyun sərfi ayın II ongünlüyünə nisbətən 13 m3/san azalaraq 144 m3/san təşkil edib. Monitorinqin nəticələrinə əsasən, Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində Kür çayı və onun qollarında biogen maddələrin miqdarı normadan dəfələrlə artıq olub. Suyun tərkibindəki spesifik çirkləndiricilərdən fenol və mis birləşmələri yol verilən qatılıq həddini (YVQH) keçib.
Belə ki, Şıxlı-2 məntəqəsində və Ağstafaçay su anbarında fenollar 4, mis birləşmələri 3, Ağstafaçayda isə fenollar4, mis birləşmələri 2 dəfə YVQH-ni keçib. Noyabr ayının III ongünlüyündə aparılan monitorinqlərin nəticələrinə görə, Araz çayı üzrə Horadizdə suyun əsas çirkləndiricilərindən olan fenollar 4, mis birləşmələri 3, Bəhramtəpə və I Şahsevən məntəqələrində fenollar 3, mis birləşmələri isə 2 dəfə YVQH-ni ötüb. Suyun oksigen rejimi bütün məntəqələrdə 5.60-6.91 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişib.