Bakı. Könül Kamilqızı – APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Milli Hidrometeorologiya Departamentinin mütəxəssisləri Kür çayının mənsəb hissəsində axıma nəzarət etmək məqsədilə 2012-ci ilin oktyabr ayında Kür çayının deltasında növbəti hidroloji tədqiqat və ölçmə işləri aparıblar.
ETSN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mütəxəssislər tərəfindən Kür-Surra məntəqəsindən başlayaraq çayın Ana Kür və Bala Kürə ayrılan qollarında, yeni açılmış kanalın müxtəlif hissələrində çaydakı su sərfi ölçülüb, en kəsiyinin profilləri çıxarılıb, həmçinin Qoltuq körfəzinə tökülən qollar tədqiq edilib, Bala Kürün və Yeni kanalın çıxışlarında açıq dənizin dibinin profilləri çıxarılıb. Hidroloji ölçmə işləri müasir ultrasəs dopler cihazının köməyi ilə aparılıb.
Aparılmış müşahidələrə görə Kür çayının Bankə məntəqəsində müşahidə olunan 160 m3/san su sərfinin 40 faizinin Kür çayının deltasında şimal-şərqə doğru Bala Kür qolu vasitəsilə, 60 faizinin isə çayın əsas qolunun davamı olan Yeni Kanal vasitəsilə dənizə axıdıldığı müəyyən edilib. Cənub tərəfdən Ana Kürdən Qoltuq körfəzinə açılan xırda qollara axım isə səviyyənin aşağı olması səbəbindən tamamilə dayanıb.