Lənkəran. Ağəddin Babayev – APA. Sentyabrın 27-də Lənkəranda ənənəvi əmək yarmarkası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, Lənkəran Şəhər İcra Hakimiyyəti ilə rayon Məşğulluq Mərkəzinin birgə təşkil etdiyi yarmarkaya rayonun 26 müəssisə və təşkilatından 260 vakant iş yeri çıxarılıb. Bunun 10-u dövlət, 10-u qeyri-dövlət, 2-si xarici şirkət, 4-ü fiziki şəxs olmaqla, 88-i fəhlə, 146-sı qulluqçu, 26 yer isə xidmət sahələri üzrə olub.
Lənkəran Rayon Məşğulluq Mərkəzinin direktoru Rahib Quliyevin sözlərinə görə, yarmarkanın təşkil olunmasında əsas məqsəd ixtisası üzrə iş tapa bilməyənlərə yardım etmək, boş qalan iş yerləri haqqında məlumat vermək, iş seçimində kömək etmək və işəgötürənlərlə işaxtaranlar arasında birbaşa əlaqə yaratmaqdan ibarətdir.
Əmək yarmarkasına iş yeri çıxaran müəssisə və təşkilatlarda minimum əmək haqqı 105 manat, maksimum əmək haqqı isə 545 manat təşkil edib. Günboyu davam edən yarmarka zamanı 74 nəfər işsiz və işaxtaran vətəndaşa müvafiq iş yerlərinə göndərişlər verilib, 24 nəfər isə peşə hazırlığı kurslarına cəlb olunub.