Lənkəran. Ağəddin Babayev – APA. Məhərrəm ayı ilə əlaqədar Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) cənub zonası üzrə nümayəndəliyinin təşəbbüsü və dəstəyi ilə noyabrın 13-də Lənkəranda qanvermə aksiyası keçirilib. APA-nın cənub bürosunun məlumatına görə, şəhərin “Böyük bazar” məscidində təşkil olunan aksiyaya müxtəlif yaş qruplarından yüzlərlə rayon sakini qatılıb.
Qanvermə prosesini Səhiyyə Nazirliyi Hematologiya və Transfuziologiya İnstitutu Mərkəzi Qan Bankının Lənkəran bölməsi ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasının tibb işçiləri həyata keçirib.
Aksiyanın ilk günü 500-dən çox vətəndaş qanvermə aksiyasında iştirak edib. Donorlardan toplanan qanın müxtəlif xəstəliklərdən – qan azlığı, hemofiliya və talassemiyadan əziyyət çəkən, həmçinin cərrahiyyə əməliyyatları zamanı qan almağa imkanı olmayan şəxslər üçün istifadə ediləcəyi nəzərdə tutulub.
QMİ-nin cənub zonası üzrə nümayəndəsi Axund Hacı Sədi Axundzadənin sözlərinə görə, rayon sakinlərinin fəallığı nəzərə alınaraq, qanvermə aksiyası sabah da davam etdiriləcək.