Bakı – APA. Macarıstanın paytaxtı Budapeştdə “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqının Üzvlər Şurasının növbəti iclası keçirilib. Təşkilatın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, 28 ölkədən gəlmiş nümayəndənin iştirak etdiyi iclasda “Böyük İpək Yolu” BGT-nin sədri, Azərbaycan Milli Məclisinin üzvü Fuad Muradov, gənclər və idman nazirinin müavini İntiqam Babayev, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstanın İnsan Resursları Nazirliyi gənclərlə iş üzrə dövlət katibinin müavini Norbert Kiss və bu ölkənin gənclər təşkilatının liderləri iştirak edib.
Təşkilatın sədri Fuad Muradov növbəti iclasın Budapeştdə keçirilməsindən məmnun olduqlarını bildirib və tarixi “İpək Yolu” üzərində yerləşən ölkələrdə yaşayan gənclərin əməkdaşlığının perspektivlərinə toxunub: “Təşkilatda bir araya gəlmiş gənclər coğrafi baxımdan tamam fərqli yerlərdə yaşasalar da, arzuları və baxışları eynidir. Bu dostluq, əməkdaşlıq və dinc dünya arzularıdır. Dini, dili fərqli olan gənclərin bir yerdə olmaları və əməkdaşlığı təmsil etdikləri dövlətlərin də bir-biri ilə dostluğu üçün mühüm stimul verir. Vaxtilə mühüm ticarət və mədəni münasibətlər qovşağı olan bu tarixi marşrut bu gün də özünün əhəmiyyətini saxlayır və ölkələr arasında dostluq və qardaşlıq mesajlarını çatdırmaqda vacib işi yerinə yetirir”.
Gənclər və idman nazirinin müavini İntiqam Babayev təşkilatın fəaliyyətini dəstəklədiklərini bildirib. Onun sözlərinə görə, qurum gənclər arasında dialoqun qurulması baxımından əhəmiyyətli iş görür. İ. Babayev əməkdaşlıq imkanlarının yaxınlaşdırmaq üçün mütəmadi iclasların keçirilməsini vacib olduğunu deyib.
Macarıstanın İnsan Resursları Nazirliyinin gənclərlə iş üzrə dövlət katibinin müavini Norbert Kiss çıxışında növbəti iclasın Budapeştdə keçirilməsindən məmnun olduqlarını söyləyib. O qeyd edib ki, Macarıstan tarixi İpək Yolu qovşağında olan ölkələrlə münasibətlərin dərinləşdirilməsində maraqlıdır.
Üzvlər Şurasının iclasında 2013-cü il üçün fəaliyyət planı müzakirə olunub və görülən işlər barədə hesabat verilib. Daha sonra 2014-cü il üçün fəaliyyət planı müzakirəyə çıxarılıb və qəbul edilib.