Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) fevralın 17-də Bakı, Naxçıvan, Gəncə və Lənkəran şəhərlərində magistraturaya hazırlaşan gənclər üçün ilk dəfə olaraq magistratura imtahanının birinci mərhələsi üzrə sınaq imtahanı keçirib. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, imtahanda iştirak etmək üçün 7398 nəfər qeydiyyatdan (Bakıda 6429, Naxçıvanda 206, Gəncədə 654, Lənkəranda 109) keçib. İmtahanın keçirilməsi üçün 10 imtahan mərkəzi (Bakıda 6, Naxçıvanda 1, Gəncədə 2, Lənkəranda 1) ayrılıb. İmtahanın idarə olunması üçün 24 imtahan rəhbəri ( Bakı şəhərində 18, Naxçıvan şəhərində 1, Gəncə şəhərində 4, Lənkəran şəhərində 1), 238 nəfər nəzarətçi-müəllim ( Bakı şəhərində 184, Naxçıvan şəhərində 11, Gəncə şəhərində 38, Lənkəran şəhərində 5) cəlb edilib.
Hazırda sınaq imtahanında iştirak etmiş bakalavrların cavab kartlarının emalı prosesi aparılır. Nəticələrin yaxın günlərdə komissiyanın internet saytında yerləşdirilməsi nəzərdə tutulur.