Bakı. Könül Kamilqızı - APA. Bu il ölkənin təhsil sistemində uğurlu addımlardan biri məktəb direktorları və gələcəkdə bu vəzifədə çalışmaq arzusunda olan pedaqoji kadrlar üçün təlimlərin təşkili olub.
Təhsil Nazirliyindən APA-ya verilən xəbərə görə, ilkin mərhələdə təlimlər yalnız Bakı şəhərində fəaliyyət göstərən ümumi təhsil müəssisələrini əhatə edir. Təlimlərdə iştirak etmək üçün namizədliyini irəli sürmüş 547 nəfər pedaqoji kadr 3 mərhələli müsabiqədən keçməlidir. Müsabiqənin birinci mərhələsi artıq başa çatıb və növbəti mərhələyə 152 nəfər pedaqoji kadr keçə bilib. Müsabiqənin növbəti mərhələsi yanvar ayının sonunda yekunlaşacaq.
Bu il Təhsil Nazirliyi tərəfindən ictimai təşəbbüslərin dəstəklənməsi üzrə layihə müsabiqəsi keçirilib. Müsabiqənin nəticəsi olaraq “Təhsil siyasəti üzrə təşəbbüslər” istiqaməti üzrə 13, “Təhsil sahəsində tədqiqat təşəbbüsləri” üzrə 5, ümumilikdə 18 layihə müsbət qiymətləndirilib.