Bakı. Könül Kamilqızı – APA. Bu il ərzində keçirilən qəbul imtahanları zamanı təşkilatı nöqteyi-nəzərdən hər hansı çətinlik olmayıb.
APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiysının sədri Məleykə Abbassadə keçirdiyi mətbuat konfransında deyib.
O bildirib ki, regionlarda imtahan proseslərinə cəlb olunanlar region müəllimləri olub: “Biz qorxurduq ki, bu müəllimlər yerlipərəstlik edərək köçürmə hallarına yol verəcəklər. Ancaq belə narahatedici məqam olmayıb. Biz hər il müəyyənləşdirdiyimiz keçid balından yuxarı nəticə göstərənlərin nəticələrini yoxlayırıq. Biz keçid balından yuxarı nəticə göstərənlərin imtahan zamanı köçürüb-köçürmədiyini araşdırırıq. Bu il hələlik apardığımız araşdırma nəticəsində məlum olub ki, regionlarla Bakı üzrə abituriyentlərin köçürmə nəticəsi eyni olub”.
Məleykə Abbaszadə imtahanlar zamanı qaydaları pozanlara bu il ikinci dəfə şans verilməyəcəyini vurğulayıb: “İmtahanda qaydaları pozanlara niyə ikinci şans verilməlidir? Belə şans verilməyəcək”.