APA-nın xəbərinə görə, TQDK sədri Məleykə Abbaszadə bu gün keçirdiyi mətbuat konfransında deyib ki, artıq III, I və IV ixtisas qrupu üzrə imtahanlar başa çatıb. M. Abbaszadə qeyd edib ki, I və III qruplar üzrə qabiliyyət tələb edən ixtisaslar üzrə imtahanlar yekunlaşıb, IV qrup üzrə abituriyentlər isə tələb olunan ixtisaslar üzrə qabiliyyət imtahanı verir. TQDK sədri qeyd edib ki, avqustun 6-dan etibarən Azərbaycanda ali və 11 illik təhsil bazasından orta ixtisas təhsili müəssisələrinə ixtisas seçimi başlayır. Onun sözlərinə görə, abituriyent ixtisas seçimini özü aparmalı, sonra da kompüterin arxasında oturaraq kodları daxil etməli və təsdiqləməlidir: “Bu prosedurlar zamanı düzgün qərar qəbul etmək üçün abituriyentlərə bütün məlumatları vermişik. I, III və IV qrup üzrə kitabçalar satışa çıxarılıb, kitabçaların elektron formada da satışa çıxarılmasını tapşıracağam. Bundan sonra kitabçaları əldə etməyənlər onları internetdən ala bilərlər. Bundan sonra düzgün qərar qəbul etmək yalnız abituriyentlərdən asılıdır”.
M. Abbaszadə ixtisas seçimi zamanı abituriyentlərə sərbəstlik verilməsi ilə bağlı valideynlərə xəbərdarlıq edib. O qeyd edib ki, ixtisas seçimi aparan zaman abituriyentə 2 məhdudiyyət ailə tərəfindən qoyula bilər: “Bunlardan biri gənc yaşadığı şəhərdə, yoxsa ayrı bir şəhərdə olan ali məktəbi seçməsi, digəri isə abituriyentin dövlət sifarişi yox, ödənişli yerlərdə oxumasına imkanın verilməsidir. Bu iki məsələni valideyn uşaqla birgə müzakirə etməlidir. Amma ixtisas seçimi zamanı qalan proseslərdə valideynlər uşaqlara sərbəstlik verməlidilər”.