Bakı. Könül Kamilqızı-APA. “Avropada uşaqlar ibtidai təhsillərinə daha erkən, hətta 5 yaşdan da əvvəl başlayırlar. Lakin burada nəzərə almaq lazımdır ki, onlar erkən inkişaf təhsil proqramlarını öz yaşıdları ilə birgə həyata keçirirlər. Başqa sözlə 4 yaşlı uşaq 4, 5 yaşlı uşaq 5 yaşlı uşaqla birgə məktəbə hazırlaşır. Biz bunu nəyə görə nəzərə almalıyıq? Çünki bir qayda olaraq, bizim valideynlər hər zaman uşağın əqli inkişafını nəzərə tutur və bu nöqteyi-nəzərdən deyirlər ki, bizim övladlarımız hətta dekabrdan sonra andan olsalar da, asanlıqla daha böyük uşaqlarla təhsil ala bilərlər”.
APA-nın xəbərinə görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsindəki suallar əsasında verdiyi müsahibəsində deyib. Azərbaycanda I sinfə vaxtından əvvəl qəbulun aparılması ilə bağlı bəzi məsələlərə aydınlıq gətirən nazir qeyd edib ki, uşaqların I sinfə erkən getməsi məsələsində yalnız əqli sağlamlıq vəziyyəti deyil, uşağın fiziki inkişafı da mühüm amildir. Onun sözlərinə görə, bunları nəzərə alaraq, dekabrın 31-i müvafiq qaydalara əsasən, bir tarix kimi qəbul olunub.
“Bu tarixdən sonra anadan olmuş uşaqlar üçün istisnaların olmasını nəzərdə tutmuruq. Bu da anlaşılandır ki, əgər bu tarix yanvarın 31-də olsaydı, onda bu sual fevralda anadan olan uşaqlara şamil ediləcəkdir. Uşaqların I sinfə qəbulu tarixlərinin müəyyənləşdirilməsi məsələsində həm elmdə, həm təcrübədə artıq özünü sınamış üsullara üstünlük verməlidirlər. Nəzərdə tutmalıyıq ki, bu uşaqlar çox inkişaf etmiş, istedadlı da ola bilər. Ancaq mövcud proqramlar onların öz həmyaşıdları ilə oxumasını nəzərdə tutur. Burada şagirdlərin bilik üzərində əsaslanan fənlərlə birlikdə fiziki hazırlığı, dərslərin sağlamlığı mənfi təsir göstərməməsi kimi məsələlər nəzərə alınaraq qərar qəbul eidlib”.