Bakı - APA. Bu gün Milli Məclisin Sosial siyasət komitəsində “Test və Təlim” beynəlxalq təşkilatının (Test&Training international) ekspertləri Frans Vurs, Norbert Filippits və Svetlana Pasçinina ilə görüş keçirilib.
APA-nın məlumatına görə, komitə sədri Hadi Rəcəbli müasir dövrdə yol hərəkəti təhlükəsizliyinin dünya ölkələri, o cümlədən, Azərbaycan üçün ən aktual problemlərdən biri olduğunu deyib. O, bu gün respublikada yol hərəkətinin təhlükəsizliyinin təmin olunması, yol nəqliyyat hadisələrinin qarşısının alınması və bu hadisələrin fəsadlarının aradan qaldırılması istiqamətində bir sıra tədbirlər görüldüyünü qeyd edib: «Bu istiqamətdə xüsusi əhəmiyyət kəsb edən sahələrdən biri təhlükəsiz sürücülükdür ki, bu məsələyə həsr olunmuş maarifləndirmə kampaniyalarının və peşəkarlığın artırılması işlərinin həcmi hələ də aşağı səviyyədədir”.
H. Rəcəbli qeyd edib ki, ölkədə baş verən yol qəzaları nəticəsində hər il təxminən 900-1000 nəfər dünyasını dəyişir, 3000 nəfərdən çox insan əlil olur: “Bu kimi hallar yol hərəkəti təhlükəsizliyinin gücləndirilməsini daha da zəruri edir. Bir sıra ölkədə insanlar sürücülük vəsiqəsi alsa da, müəyyən müddətdən bir təlimlərdə iştirak etməlidir. Azərbaycanın qanunvericiliyində isə sürücülər üçün belə bir tələb yoxdur”.
Komitə sədrinin fikrincə, bu beynəlxalq təşkilatla bu sahədə əməkdaşlıq yaxşı nəticələr verə bilər: “Bunun uçun isə ölkədə avtodromlar yaradılmalıdır”.
Qurumun baş ofisinin Avstriyanın Vyana şəhərində yerləşdiyini deyən F. Vurs həyata keçirdikləri layihələr haqda məlumat verib. Ekspertin sözlərinə görə, onların məqsədi sürücülərə təlimlər keçməklə yol hərəkəti təhlükəsizliyini gücləndirməkdir. O, müxtəlif ölkələrdə belə treninqlərin keçirildiyini və əhəmiyyətli nəticələr əldə olunduğunu bildirib. “Təşkilatın təlimləri üçün xüsusi avtodromlar yaradılmalıdır. Bu avtodromlar ölkələrin müvafiq qurumları tərəfindən yaradılır və “Test&Traning international”ın ekspertləri tərəfindən sürücülərə təlimlər keçirilir. Məsələn, təşkilat bir neçə il öncə Misirdə turistlərə xidmət göstərən avtobus sürücüləri üçün, Lüksemburqda polislərə, Avstriyada məktəblidən başlamış sürücülük vəsiqələri alanlara qədər insanlara yol hərəkəti təhlükəsizliyi təlimləri keçir”.
F. Vurs Azərbaycanla Avstriyanın ərazi və əhali baxımından oxşar olduğunu bildirib. O bu sahədə Azərbaycanla əməkdaşlıq etməyə və sürücülər üçün təlim layihələri təşkil etməyə hazır olduqlarını deyib.
Görüsdə iştirak edən Nəqliyyat Nazirliyinin sektor müdiri Eldar Əlizadə bu mövzunun aktual olduğunu qeyd edib. O, Nəqliyyat Nazirliyi tərəfindən yol hərəkəti təhlükəsizliyinin təmin olunması və bu sahədə sürücülərlə aparılan tədbirlər haqqında ətraflı məlumat verib. Nazirliyin nəzdində “Avtomoto Klub”un fəaliyyət göstərdiyini deyən E.Əlızadə məqsədin sürücülərin peşəkarlığının artırılması olduğunu diqqətə çatdırıb.
“Bu təşkilatın təşəbbüsləri, avtodromun yaradılması təklifi isə çox maraqlıdır. Biz bu haqda nazirliyin rəhbərliyinə məlumat verəcəyik. Hesab edirəm ki, təşkilatla yaxşı əməkdaşlıq əlaqələri qurulacaq”, - deyə o vurğulayıb.
Qeyd edək ki, Test və Təlim beynəlxalq təşkilatının nümayəndələri Dövlət Yol Polisində də görüş keçirəcəklər.