Bakı-APA. Milli Təhlükəsizlik Nazirliyində (MTN) Heydər Əliyevin vəfatının ildönümü ilə bağlı anım tədbirləri keçirilib. MTN-in İctimai Əlaqələr Mərkəzindən APA-ya verilən məlumata görə, əvvəlcə nazir, general-leytenant Eldar Mahmudov başda olmaqla nazirliyin əməkdaşları Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar. Akademik Zərifə Əliyevanın da xatirəsi anılıb.
Anım mərasimi MTN-in Heydər Əliyev adına Akademiyasında davam edib. Akademiyanın rəisi Ziya Yusifzadə çıxışında bildirib ki, müstəqil Azərbaycan dövlətçiliyinin banisi və qurucusu, ümummilli lider Heydər Əliyevin vəfatının ildönümü dərin kədər hissi ilə qeyd edilir.
Mərasimdə Akademiyanın fakültə rəisi, general-mayor F.Təhməzov, kafedra rəisi C.Qasımov, ali kursların dinləyicisi leytenant V.Abdullayev, kursantlar E.Cəfərli və C.Qarakişizadə çıxış edərək Heydər Əliyevin fəaliyyəti nəticəsində Azərbaycanın öz müstəqilliyini qoruyub saxlamasından, müasir dövlət quruculuğundakı rolundan, gənclərə göstərdiyi diqqət və qayğıdan danışıblar.
Tədbirin sonunda Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.