Bakı. Könül Kamilqızı – APA. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tərəfindən müxtəlif tipli xüsusi hallar olan orta ümumtəhsil müəssisələrinin buraxılış siniflərində təhsil alan şagirdlərin buraxılış imtahanlarının keçirilməsi tarixləri təsdiq olunub. TQDK-nın mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, təlimi ingilis və ya gürcü dillərində olan orta ümumtəhsil müəssisələrində ana dili fənnindən buraxılış imtahanı həmin təhsil müəssisəsində yaradılmış xüsusi komissiya tərəfindən aparılacaq.
Şagirdlərin yekun bilikləri müvafiq dil üzrə (ingilis və ya gürcü) yoxlanacaq. Bu təhsil müəssisələri şagirdlərinin riyaziyyat imtahanı isə mərkəzləşdirilmiş qaydada TQDK tərəfindən aparılacaq. Onlara suallar təlim aparılan dildə təqdim olunacaq.
Sağlamlıq imkanları məhdud olan şagirdlərin təhsil aldığı təhsil müəssisələrində təhsil alan şagirdlər üçün buraxılış imtahanı Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elə həmin təhsil müəssisələrində təşkil ediləcək. Həmin orta ümumtəhsil müəssisələrində buraxılış imtahanlarının keçirilmə qrafiki və yeri http://tqdk.gov.az/az/press/news/Default.aspx?news=2988 səhifəsində yerləşdirilib.