Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Naxçıvan ərazisində yeni açıq muzeyin yaradılmasını təklif edir. AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Quba Memorial Xatirə Kompleksində həyata keçirilən tikinti işlərinin nəzarətçi-tədqiqatçısı Qəhrəman Ağayev APA-ya açıqlamasında bildirib ki, bu il Naxçıvandakı Şahtaxtı abidəsində aparılan tədqiqatlar nəticəsində maraqlı faktlar məlum olub. Onun sözlərinə görə, əvvəllər bu abidənin e.ə II minilliyin sonu-I minliyin əvvəllərinə aid olduğu bildirilsə də, aparılan tədqiqatlar nəticəsində abidənin e.ə IV-V minilliyə aid olduğu qənaətinə gəlinib: “Abidə əsasən müxtəlif sahələri əhatə edən tikinti qalıqlarından-evlər, təsərrüfat sahəsində aid olan tikintilər, təndirlər, saxsı qab nümunələrindən ibarətdir. Bu abidə nəinki Azərbaycanda, həmçinin Qafqazda ən möhtəşəm abidələrdən biridir. Maraqlısı odur ki, burada intensiv yaşayış olub, bu gün də həmin yaşayış ərazidə davam etdirilir. Keçmiş nəsillər tikililəri bir-birinə ötürüblər, yeni nəsil köhnə nəslin tikilisinə dəyməyib”.
Şahtaxtı abidəsində əyani şəkildə bütün dövrlərin göstərildiyini deyən Q.Ağayev qeyd edib ki, institutun məqsədi bu abidəni olduğu kimi açıq muzey şəklində insanlara nümayiş etdirməkdir. Onun sözlərinə görə, bu, İpək yolunun üstündə, İranla Azərbaycan sərhəd məntəqəsini yanında, uca bir təpənin başında yerləşən əzəmətli bir abidədir: “Bizim məqsədimiz bunu açıq muzey kimi dünya ictimaiyyətinə göstərməkdir. Bu işdə bizə Şahtaxtlının ziyalıları, iş adamları kömək etməlidirlər. Çünki hər şeyi institutun üzərinə yıxmaq olmaz. Bu abidə möhtəşəm olduğu üçün orada mütəmadi tədqiqat işləri aparılmalı və öyrənilməlidir. Buna isə institutun tam gücü çatmır”.