Bakı. Könül Kamilqızı – APA. Təhsil Nazirliyinin “2007-2015-ci illər üzrə Azərbaycan gənclərinin xaricdə təhsili ilə bağlı” Dövlət Proqramı çərçivəsində təhsil alan gənclərin problemlərinin və müraciətlərinin onlayn göndərilməsi üçün yaratdığı elektron xidmətə azərbaycanlı tələbələr tərəfindən müxtəlif müraciətlər edilib.
APA-nın xəbərinə görə, təhsil naziri Mikayıl Cabbarov jurnalistlərə açıqlamasında deyib ki, xaricdə təhsillə bağlı gənclərin müraciətləri müxtəlif olub. Nazir, onların arasında əsaslı müraciətlərin də olduğunu deyib: “Elə müraciətlər var idi ki, azərbaycanlı tələbələr öz hüquqlarını tam şəkildə anlamırdılar. Zamanla onların araşdırılması həyata keçirildi və proses bu gün də davam etdirilir”.
Mikayıl Cabbarov vurğulayıb ki, xaricdə təhsil alan azərbaycanlı tələbələrin problemlərinin və müraciətlərinin araşdırılması ümumilikdə Təhsil Nazirliyinin birbaşa vəzifələrinə aid olan bir məsələdir: “Bu, kampaniya xarakteri daşımır, bir gün, bir ay və yaxud bir həftə ərzində görülə bilən iş də deyil. Xaricdə təhsil alan şagirdlər və tələblər Azərbaycan Respublikasının vətəndaşları və ölkənin seçilmiş nümayəndələridir. Onlar dövlət başçısı tərəfindən həyata keçirilən siyasətin, qara qızılın insan qızılına çevrilməsi siyasətinin gələcək məhsullarıdır. Ona görə gələcəkdə də bu təbəqənin ehtiyaclarının öyrənilməsi, onların suallarına cavab verilməsi Təhsil Nazirliyinin diqqət mərkəzində olacaq. Vurğulamaq istəyirəm ki, dediyim hər bir söz Azərbaycanın xaricdə təhsil alan vətəndaşlarına aid deyil. Bu sözlər Azərbaycan Respublikasının təhsil müəssislərində təhsil alan tələbələrə də aiddir.