Bakı. Könül Kamilqızı - APA. MDB ölkələrinin iqtisadi inkişafın müxtəlif trayektoriyalarında olması onların sosial rifahının əsas fərqlərini müəyyən edir.
APA-nın xəbərinə görə, bunu Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov Bakıda keçirilən MDB-nin əmək, miqrasiya və əhalinin sosial müdafiəsi üzrə Məşvərət Şurasının XXV yubiley iclasında çıxış edərkən bildirib.
Onun sözlərinə görə, Azərbaycan, Qazaxıstan və Belarus 1990-cı illərin ÜDM səviyyəsini 2000-ci ildə 1,5-2,5 dəfə keçə bilsələr də, bir sıra ölkələr hələ də bu nəticəyə gəlib çata bilməyiblər: “Ona görə də MDB ölkələri arasında əməkdaşlığın inkişafı iqtisadi və sosial reallıqlara adaptasiya olunmalıdır”.
Nazir qeyd edib ki, ekspertlərin qiymətləndirmələrinə əsasən, MDB ölkələrinin sənaye potensialı dünyanın 10%, əsas təbii resurslar ehtiyatları isə 25%-ni təşkil edir: “Təbii ki, ölkələrimin əmək bazarının tələbatlarının təmin olunması vətəndaşların sosial müdafiəsinin və əmək hüquqlarının qorunmasının gücləndirilməsinə yönəlmiş prioritet vəzifələrdən biridir. Əmək miqrantlarının hüquqları ilə bağlı aktual məsələləri nəzərdən keçirərkən hesab edirəm ki, sosial inteqrasiya məsələləri hər bir ölkənin adət-ənənələrinin xüsusiyyətləri nəzərə alınmaqla həyata keçirilməlidir. Əmək miqrantları yalnız yaşadıqları ölkənin qanunlarına hörmət etməklə etibarlı müdafiə qazana bilərlər”.
F.Ələkbərov deyib ki, son 10 ildə Azərbaycanda yoxsulluq həddi 6 dəfə, işsizlik səviyyəsi 2 dəfə azalaraq müvafiq olaraq 7,6%-ə və 5,3%-ə enib: “Əgər Ermənistan Azərbaycan torpaqlarının 20%-ni işğal etməsəydi və 1 milyondan artıq soydaşımız məcburi köçkün düşməsəydi, heç şübhəsiz, uğurlarımız daha böyük olardı”.