Nəqliyyat Nazirliyinin katibliyinin rəhbəri Namiq Həsənov APA-ya açıqlamasında bildirib ki, son vaxtlar baş verən avtobus qəzaları nazirlik tərəfindən araşdırılır və həmin qəzaların minimuma endirilməsi üçün tədbirlər görülür.
N. Həsənovun sözlərinə görə, ötən illərdə avtobuslar sürücülük vəsiqəsi, müvafiq kateqoriyası, 20 yaşı tamam olmayan sürücülər tərəfindən idarə etmə hallarına rast gəlinib: “Lakin aparılan tədbirlər nəticəsində ötən illərlə müqayisədə bu il sürücülük vəsiqəsi olmadan nəqliyyat vasitəsini idarə etmə halları azalıb”.
Nazirlik təmsilçisi görülən tədbirlər çərçivəsində avtobusların dəyişdirilməsi, müvafiq xətlərin optimallaşdırılması istiqamətində işlər aparıldığını da deyib.
Qeyd edək ki, cari ilin ilk üç ayında ölkə ərazisində avtobusların iştirakı ilə 30 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 18 nəfər ölüb, 35 nəfər yaralanıb.
Ötən il respublikada baş verən avtobus qəzaları nəticəsində 57 nəfər ölüb, 183 nəfər xəsarət alıb.