Bakı. Könül Kamilqızı – APA. Ölkə ərazisində bəzi yerlərdə yağan yağışlar nəticəsində Quba-Xaçmaz bölgəsi çaylarında suyun səviyyəsində 3-23 sm, Lənkəran-Astara bölgəsi çaylarında isə 6-19 sm artım müşahidə olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən xəbərə görə, hazırda Böyük Qafqazın Quba-Xaçmaz bölgəsi çaylarında sululuq ongünlük normanın 80-120, Kiçik Qafqazın çaylarında 40-80, Lənkəran-Astara bölgəsi çaylarında 90-130, Naxçıvan MR çaylarında isə normanın 10 faizini təşkil edir.
Mayın 20-də Kür çayının Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsində 11 sm azalma qeydə alınıb. Hazırda məntəqədə su sərfi 316 m3/s olmaqla, ongünlük normanın 42 faizini təşkil edir. Son 3 gün ərzində Qanıx çayının Əyriçay məntəqəsində suyun səviyyəsində 15 sm artım müşahidə olunub. Hazırda məntəqədə su sərfi 179 m3/s olmaqla, ongünlük normanın 88 faizini təşkil edir.
Son 3 gün ərzində Kür çayının aşağı axınında suyun səviyyəsində artım müşahidə olunub. Belə ki, Kür çayının Surra məntəqəsində suyun səviyyəsində 29 sm, Şirvanda 37 sm, Salyanda 12 sm, Bankədə 14 sm, Araz çayının Novruzlu məntəqəsində isə 24 sm artım müşahidə edilib.