Bakı. Könül Kamilqızı – APA. Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova BMT-nin yeni təyin olunmuş rezident-əlaqələndiricisi, BMT İnkişaf Proqramının rəhbəri Antonius Bruku qəbul edib. Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, ombudsman insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyətini, mandatını və ona verilmiş yeni səlahiyyətlər barədə danışıb. E. Süleymanova insan hüquqları sahəsində milli qanunvericiliyin beynəlxalq hüquqi-normativ aktlara uyğunlaşdırılmasının mühüm əhəmiyyət kəsb etdiyini və bu istiqamətdə iş aparıldığını vurğulayıb.
BMT nümayəndəsi yeni təyinatı üzrə Azərbaycandakı fəaliyyətini əməkdaşlıq münasibətlərinin daha da möhkəmlənməsinə, insan hüquqlarının müdafiəsinə yönəldəcəyini vurğulayıb. O, BMT-nin Bakı ofisinin ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduğunu, qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün səylər göstərəcəyini bildirib.
.
A. Brukla görüşdə BMT-nin Uşaq Hüquqları üzrə Komitəsinin tövsiyəsinə əsasən təsisatda uşaq hüquqları üzrə struktur bölməsinin, eyni zamanda ombudsmana “İnformasiya əldə etmək haqqında” Qanunun tələblərinə nəzarətin həyata keçirilməsi ilə bağlı verilmiş səlahiyyətlərin icrası ilə əlaqədar olaraq müvafiq şöbənin yaradılmasının zəruriliyi qeyd olunub.