Astara. Ağəddin Babayev – APA. Ölkə prezidentinin 2011-ci il 27 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının müdafiəsinin səmərəliliyini artırmaq sahəsində Milli Fəaliyyət Proqramı»nın (MFP) icrası, təbliği və tətbiqi vəziyyətinin öyrənilməsi, həmçinin seçki hüququ ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə ombudsman Elmira Süleymanova Astara rayonunda ictimaiyyət nümayəndələrinin iştirakı ilə dinləmələr keçirib.
APA-nın Cənub bürosunun məlumatına görə, yerli icra strukturlarının məsul işçiləri, bələdiyyələr, məhkəmə, prokurorluq və polis orqanları, dairə seçki komissiyası, qeyri-hökumət təşkilatları və KİV nümayəndələrinin də qatıldıqları tədbiri giriş sözü ilə Astara rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev açaraq son illər Astarada əhalinin rifah halının yüksəldilməsi istiqamətində görülmüş işlərdən danışıb.
Rayon məhkəməsinin sədri İsmayıl Abdurrəhmanlı, rayon prokuroru Zakir Saatov, Polis Şöbəsinin rəisi Rəşid Səfərov, Veteranlar Şurasının sədri Rafiq Əliyev, Qadınlar Şurasının sədri Bəsti Əliyeva, Tüləgüvan bələdiyyəsinin sədri Firudin Abbasov və digərləri çıxışlarında rayonda insan hüquq və azadlıqlarının qorunması işində birgə əlaqəli fəaliyyət, vətəndaşların qəbulu, məhkəmə qərarlarının icrasının təkmilləşdirilməsi və digər məsələlər barədə söz açaraq, vəfat etmiş insanların dəfn pulunun üç gün müddətində verilməsi, eyni zamanda bu yardımın ictimai təbəqənin işləməyən nümayəndələrinə də şamil edilməsi, 16 yaşadək uşaqlara əlavə müavinətin, gənc ailələrə uzunmüddətli güzəştli kreditlərin verilməsi, çoxuşaqlı qadınların pensiya yaşının aşağı salınması, aliment verilmə qaydalarının təkmilləşdirilməsi barədə təkliflərini irəli sürüblər.
Ombudsman E.Süleymanova çıxışlara və verilən təkliflərə münasibət bildirərək problemlərin və çətinliklərin aradan qaldırılmasında dövlət orqanlarının, icmaların, QHT-lərin, ictimaiyyətin birgə fəaliyyətinin vacibliyini qeyd edib. Natiq sərxoşluq və narkomaniya ilə mübarizədə daha çox müalicə və məcburi əməklə islah olunma metodlarından istifadə olunmasını, regionlarda dispanser və reabilitasiya mərkəzlərinin yaradılmasını, ictimai nəzarətin gücləndirilməsini, pulsuz hüquq məsləhətxanalarının açılmasını, insan hüquqlarına, vətəndaşların qəbuluna və müraciətlərinə həssaslıqla yanaşılmasını vacib şərtlərdən sayıb. Ombudsman həmçinin insanların seçki hüquqları barədə maarifləndirmənin aparılmasının, seçici siyahılarının müntəzəm olaraq yeniləşdirilməsinin, vətəndaşların şəxsiyyət vəsiqələri ilə təmin olunmasının, vətəndaşlara öz seçimini etmək və sərbəst toplaşmaq üçün şəraitin yaradılmasının və seçkilərin azad və demokratik keçirilməsinə diqqətin artırılmasının zəruriliyini də xüsusi qeyd edib.
Astarada olarkən E.Süleymanova həmçinin rayon polis şöbəsinin müvəqqəti saxlama yerlərində məhbusların saxlama şəraiti ilə tanış olub, eyni zamanda rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsinə baş çəkərək xəstələrin müalicəsi ilə maraqlanıb.