Bunu APA-ya açıqlamasında Ədliyyə Nazirliyi Penitensiar xidmətin ixtisaslaşdırılmış müalicə müəssisəsinin baş həkimi Nəhmət Rəhmanov deyib. N. Rəhmanov xəstələrin müalicə müddəti başa çatdıqdan sonra 3 – 6 ay ixtisaslaşdırılmış müalicə müəssisəsində saxlandıqlarını da bildirib: “Həmin müddətdə məhkumlar müayinələrdən keçirilər və tam sağlam olandan sonra öz müəssisələrinə qaytarılırlar” .
N. Rəhmanov ixtisaslaşdırılmış müalicə müəssisəsinə gətirilən məhkumların xəstəliklərinin ağırlıq səviyyəsinə uyğun olaraq palataya yerləşdirildiklərini bildirib.
Baş həkim müəssisədə vərəmdən ölənlərin sayının azaldığını da qeyd edib: “Müəssisədə ölüm halları hər il azalır. Ölüm faktlarının 30-40 faizinə isə vərəm xəstəliyi səbəb olmur. Hazırda dünyada HİV virusu geniş yayılıb. Narkomanlar arasında bu xəstəliyə daha çox rast gəlinir. Həmin xəstəlik vərəmin müalicəsində də problem yaradır. Eyni zamanda onkoloji xəstəliklər və ürək xəstəlikləri də ölümə səbəb olur. Bu il keçən ilkinə nisbətən vərəmdən ölüm halları xeyli azdır. Bundan başqa müəssisədə 2 beynəlxalq layihə həyata keçirilir. Bunlar Dots və Dots + proqramlarıdır. Əvvəllər gələn xəstələr gecikmiş xəstələr olurdu. İndi destruktiv, yəni ciyəri dağılmış şəkildə gələnlər nadir hallarda olur. Bizim səyyar rentgen maşınımız var. İldə iki dəfədən az olmayaraq həmin maşın müəssisələri gəzir. Bütün məhkumlar rentgen müayinəsindən keçir, daha sonra sorğu aparılır. Şübhəli olanların bəlğəmindən analiz götürülüb laboratoriya göndərilir. Eyni zamanda müəssisələrə gətirilən təzə məhkumlar da əvvəlcə rentgendən keçirlər” .
N. Rəhmanov son 5 ildə müəssisədə çalışan əməkdaşlar arasında vərəmə yoluxma halının baş vermədiyini bildirib: “Müəssisədə infeksiyaya nəzarət tədbirləri ciddi aparılır. Müəssisə 23 bölməyə ayrılıb. Bütün bölmələrdə sorucu ventilyasiya sistemi quraşdırılıb. Həmin sistem bayırdan təmiz havanı palataya vurur, çirkli havanı isə təmizlədikdən sonra atmosferə buraxır. Eyni zamanda fərdi nəzarət tədbirlərinə əməl olunur”.
N. Rəhmanov Azərbaycanın penitensiar sistemində vərəmlə mübarizə modelinin dünyada öndə gedən model kimi qəbul olunduğunu da qeyd edib: “Beynəlxalq Qızıl Xaç Cəmiyyəti müəssisələrdə tibbi yardımla bağlı öz missiyasını artıq dayandırıb. Bütün fəaliyyət özümüz tərəfindən aparılır. Bəzən isə Qlobal Fond tərəfindən maliyyə dəstəyi olur. Bizim vərəmlə mübarizə modeli dünyada öndə gedən model kimi qəbul olunub. Bunun nəticəsidir ki, bizdə treninq təlim mərkəzi yaradılıb. Bu dünyada yeganə mərkəzədir. Həmin mərkəz region və orta Asiya ölkələri üçün nəzərdə tutulub. Qazaxıstan, Qırğızıstan, Tacikistan, İraqdan nümayəndə heyəti gəlib burada treninq keçiblər. İyun ayında isə Çindən böyük bir nümayəndə heyəti gələcək” .
Baş həkim son illər müəssisədə işləmək istəyənlərin sayının artdığını da bildirib: “Bizdə demək olar ki, vakansiya ştatları yoxdur. İşləmək istəyənlər isə çoxdur. Çünki bizdə iş şəraiti yüksək səviyyədədir. Əmək haqqı da digər müəssisələrdən yüksək olduğu üçün işləmək istəyənlər də çoxdur”.