Bakı. Könül Kamilqızı – APA. Böyük Qafqazın Qəbələ-İsmayıllı və Quba-Qusar bölgəsinin dağ çaylarında aparılan ölçmə işləri başa çatıb. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun baş hidroloqu Asif Verdiyev APA-ya açıqlamasında deyib ki, ölçmə işləri iyul ayının 29-dan avqust ayının 2-dək Böyük Qafqazın Qəbələ-İsmayıllı bölgəsinin Tikanlıçay, Türyançay, Göyçay, Dəmiraparançay, Girdimançay, Ağsuçay, Quba-Qusar bölgəsinin Qusarçay, Qudyalçay, Vəlvələçay, Qaraçay, Cağacuqçay, Ağcay çaylarında həyata keçirilib: “Aparılan ölçü işlərinin əsas məqsədi aprel-may-iyun aylarında çaylardan keçən daşqınlara görə maksimal su sərflərini təyin etməkdir. 3 ay ərzində Böyük və Kiçik Qafqazın bəzi çaylarından qısamüddətli daşqın və sellər keçib. Həmin o sellərin izinə görə ölçü işləri aparılıb. Daşqın keçən çayların profilləri çıxarılıb, onun orta dərinliyi, sürəti, eni öyrənilib”.
A.Verdiyev qeyd edib ki, hazırda hesablamalar aparılır və dağ çaylarında aparılan ölçmə işlərinin nəticələr bu həftə ərzində açıqlanacaq.