Qəbələ. Elvin Yaqubov - APA. Qəbələdə arxeoloji qazıntılar zamanı yeni faktlar ortaya çıxıb. APA-nın məlumatına görə, ümumi ərazisi 420 hektar olan Qəbələ Tarix Bədii Qoruğunun Səlbir, Qala və Qəbələnin antik şəhər yeri ərazisində arxeoloji qazıntılar uğurla davam etdirilir. Bu günlərdə Qala arxeoloji qazıntı ərazisində yeni maddi-mədəniyyət nümunələri aşkar edilib. Qazıntılar zamanı dərinliyi 5 metr olan təsərrüfat quyusundan 2 min il öncəyə aid armud, heyva və üzüm tumları, eləcə də arpa aşkar edilib. Tapılan nümunələr o dövrdə meyvəçiliyin və taxılçılığın inkişafından, eləcə də meyvələrdən qıcqırma yolu ilə şərab hazırlandığını göstərir. Qazıntının aşağı hissəsini tədqiq etdikdə məlum olub ki, Qala ərazisi XI-X
Ərazidə arxeoloji qazıntılarla bərabər konservasiya işləri də aparılmaqdadır. Bu da öz növbəsində, arxeoloji turizm sahələrinin inkişafına öz töhfəsini verəcək. Bu ilin əvvəlindən indiyədək Qəbələ Tarix Bədii Qoruğuna 2485 turist səfər edərək maddi-mədəniyyət nümunələri, arxeoloji qazıntı sahələri ilə tanış olub ki, bu da ötən ilə ora gələnlərin sayından xeyli çoxdur.
Qeyd edək ki, Qafqazın, eləcə də dünyanın ən qədim şəhərləri sırasına daxil olan Qəbələ şəhərinin yaranma tarixi miladdan öncə IV əsrə qədər gedib çıxır. Qəbələ şəhər xarabalıqları ərazisində arxeoloji qazıntılar əsaslı olaraq XX əsrin 50-60-cı illərində aparılıb. Bu qazıntılar nəticəsində Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhər xarabalıqlarının yeri müəyyən edilib. 2005-ci ildə AMEA-nın Arxeologiya və Etnoqrafiya İnstitutu SEBA (Seul-Bakı) Azərbaycan Koreya Mədəniyyət mübadiləsi Assosiasiyasının təşəbbüsü və maliyyə dəstəyi ilə, professor İlyas Babayevin ümumi rəhbərliyi ilə Qəbələ ərazisində qazıntı prosesi bərpa edilib. 2008-ci ildən Azərbaycan-Koreya beynəlxalq ekspedisiyası təşkil edilib, Qala və Səlbir ərazisində geniş miqyaslı arxeoloji qazıntılara başlanılıb və bu gün də davam etdirilir.