Bakı-APA. Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qənirə Paşayeva ictimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsinin parlamentin müzakirəsinə çıxarılmasını təklif edib.
APA-nın xəbərinə görə, millət vəkili Qənirə Paşayeva qarşıdan 31 may - Ümumdünya Tütünlə Mübarizə Günü gəldiyini xatırladaraq deyib ki, ictimai yerlədə siqaret çəkilməsinin qadağan edilməsi haqqında qanun layihəsi məhz həmin gün parlamentin müzakirəsinə çıxarılsın: “Biz bununla bağlı beynəlxalq konvensiyalara da qoşulmuşuq və bu qanunun artıq müzakirəyə çıxarılması və qəbul edilməsi vacibdir və bu müzakirəni başlamaq 31 may Ümumdünya Tütünlə Mübarizə Günündə edə biləcəyimiz ən yaxşı töhfə ola bilərdi. Parlamentin Sosial siyasət Komitəsi tərəfindən “İctimai yerlərdə siqaret çəkilməsinin qadağan edilməsi haqqında” qanun hazırlanıb”, millət vəkili dedi. "Bu cür qanunun qəbul edilməsinə ehtiyac var. Dünyanın əksər ölkələrində əhalinin siqaret çəkməyən hissəsini bu cür mənfi təsirdən qorumaq məqsədilə ictimai yerlərdə siqaret çəkməni qadağan edən qanunlar qəbul edilirlər. Bununla bağlı bizim artıq hazır qanun layihəmiz var və onu 31 may Ümumdünya Tütünlə Mübarizə Günündə müzakirəyə çıxarmaq çox yaxşı olardı”.