Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası Demokratik Siyasət İnstitutu və Avropa Parlamentinin Xalq Partiyası siyasi qrupu ilə birgə iyunun 6-dan 8-dək Vilnüs şəhərində keçiriləcək Litvanın AB-nə sədrliyinə həsr edilən “Dəyərlər və siyasət: Avropanın xristian kökləri” adlı beynəlxalq konfransın təşkilində iştirak edəcək.
Bu barədə APA-ya şuranın mətbuat xidmətindən bildirilib. Beynəlxalq tədbirdə Avropa Parlamentinin, Avronest PA-nın üzvlərinin, nüfuzlu dövlət xadimləri və diplomatların iştirakı nəzərdə tutulur.
Qeyd edək ki, 1 iyun 2013-cü ildən Avropa Birliyinə Litva sədrlik edəcək. Göstərilən tarixdən sonra ilk dəfə təşkil olunan bu mühüm beynəlxalq konfransda Avropanın nüfuzlu siyasi şəxsləri adıçəkilən qitənin gələcək prioritet istiqamətləri ilə bağlı müzakirələr aparacaqlar.